16 Nisan 2019 Salı

Elina üçün - SUSMA!

Bu blogda ilk yazını bu mövzuda yazmaq həqiqətən asan deyil.
Son 1 həftədə ölkəmizdə ən çox müzakirə olunan mövzu – 8ci sinif şagirdi Elina Hacıyevanın intiharı.
Bu hadisə öz bərabərində məktəblərdəki zorakılıq halları haqqında fikirləri də öz bərabərində gətirdi. Hadisədən yəginki bir çoxunuzun xəbəriniz var. Həmişə olduğu kimi bununla bağlı hər gün qarşımıza yeni faktlar çıxır. Xəbərlərin doğruları nə qədər yansıtması sual altındadır. Təəssüf ki sosial şəbəkələrdə və bir çox xəbər portallarında yayılan xəbərlər özünü “jurnalist” adlandıran lakin 2 cümləni bir araya  gətirib doğru düzgün yaza bilməyən insanların əlindən çıxır və bir çoxu sırf daha çox oxucu kütləsi qazanmağa yönəlmiş əsası olmayan xəbərlərdir. Mən bu məsələnin daha aydın olan tərəflərinə toxunmaq istəyirəm. Ona görə də yazımı bir neçə sual əsasında formalaşdıracağam.
1. 14 yaşlı bir yeniyetməni intihara nə vadar etmiş ola bilər?
İlk öncə yaşa baxaq – 14.Yeniyetməlik dövrüdür – insanın bədənində fizioloji dəyişikliklərin baş verdiyi dövr.  Hər bir yeniyetmənin özünü təsdiqetmə ehtiyacı yaşadığı, azadlığa can atdığı, dünya, həyat, yaşam haqqında fikirlərinin intensiv şəkildə formalaşdığı dövr. Həmçinin böhran dövrü. Yeniyetmələrin əksəriyyəti bu böhran dövünü asanlıqla atlada bilmir. Nəzərə alsaq ki bu dövr məktəb həyatı ilə birlikdə davam edir, başa düşmək olar ki məktəbdə ünsiyyətdə olduğu insanlar – müəllimlər və məktəb yoldaşları – yeniyetmənin həm özünü dərk etməsinə həm də verdiyi qərarlara təsir edir. Bununla birlikdə təbii ki ailə faktoru da var. “Üsyankar” dövrünü yaşayan yeniyetmələrə ailə üzvlərinin münasibəti. Bütün bu təsirləri nəzərə alsaq yuxarıda verdiyim suala belə cavab verə bilərik:
Ailə daxili problemlər.
Mən cəmiyyətimizin öyrəşdiyi düşüncə tərzi deyim, siz mentalitet – fakt budur ki əsrlərdir Azərbaycan xalqının tipik ailə anlayışında formalaşmış bir stereotip var – övladla valideyn arasında müəyyən qədər pərdə olmalıdır. Bəs bu “pərdə” bizi hara aparıb çıxarır? Mən sizə deyim – bu hadisədə olduğu kimi fəlakətə. Hər bir valideynin anlamalı olduğu bir şey var – həyatının ilk günündən başlayaraq, övladını qorumağa çalışan  ana və ata, övladı ilə arasında inama əsaslanan dost münasibəti qurmalıdır. Elə bir münasibət yaradılmalıdır ki, uşaq hər hansı bir problem ilə qarşılaşdıqda bunun həll yolunu gedib ətrafda axtarmaq yerinə gəlib rahatlıqla valideyninə deyib ondan məsləhət ala bilsin.
Valideynlər arasında münaqişə - özünüzü belə bir situasiyada düşünün: şəhərdə gəzərkən yolunuzu itirmisiniz və yolu soruşmaq üçün insan axtarırsınız. Düz qarşınızda 2 insan bir birilə şiddətlə münaqişə edir. Yaxınlaşıb onlardan kömək istəyərsinizmi? Böyük bir ehtimalla yox. Eyni vəziyyəti ailədə nəzərdən keçirək. Yaş böhranı keçirən bir uşaq düşünün. Valideynlərini evdə daima dava edərkən görür. Təbii ki problemlərini danışa bilmir, kömək istəyə bilmir. Nəticə? Öncə də qeyd etdiyim kimi ətrafdakı insanlara üz tutur. Deviant davranış sərgilərən qruplara insanların adətən yeniyetmə dövründən üzv olduqlarını bilirdinizmi? Bunun əsas səbəblərindən biri məhz ailədən istədikləri diqqəti ala bilməmələridir. Başqa bir çıxış yolunu isə yeniyetmələr adətən intiharda görürlər. Bir çox ədəbiyyata nəzər yetirsəniz yeniyetməlik dövründə edilən intiharların bir çoxunun insanın özünü öldürməyə yönəlmədiyini, sadəcə ailələrindən görmədikləri diqqəti yaratmaq üçün olduğunu görərsiniz. İndi Elina timsalında bu faktı düşünün. O zaman vəziyyət daha dəhşətli bir hal alır.
“Bullying” və ya ”Zorakılıq” – şagirlərin ən böyük problemi – məktəbdaxili zorakılıq. Xüsusilə yeniyetməlik dövründə bir çox səbəbdən uşaqlar fiziki və psixoloji zorakılığa məruz qalır. Hətta özünün bu yazdıqlarımı oxuduğunuz müddətdə fikirləşsəniz görərsiniz ki böyük ehtimalla bu zorakılığa siz də məruz qalmısınız - ən azından psixoloji. Səbəblər isə fərqlidir. Yeniyetməlik dövründə baş verən fizioloji dəyişikliklərdən ötrü digər şagirlər tərəfindən ələ salınmadan  tutmuş sosial təbəqə fərqi (təəssüf ki bizim məktəblərimizdə bu hala tez tez rast gəlinir. Halbuki məktəbdə bütün şagirdlər bərabər olmalıdır.) də daxil olmaqla bir çox şey sadalaya bilərik. Təbii ki bu zorakılığı edən yanlızca şagirdlər deyil həmçinin müəllimlərdir. Riyaziyyat dərsində hər hansı bir məsələni həll edə bilmədi deyə “otur aşağı axmaq! Elə səndən bunu gözləyirdim. Gözüm görməsin səni …” kimi təhqirlərə məruz qalan uşaq da psixoloji zorakılığın qurbanıdır. Sözdə çox yüngül görünə bilər – mənim müəllimim o qədər məni döyüb, belə sözlər deyib ki. Amma mən heç vaxt intihata təşəbbüs etməmişəm – deyə bilərsiniz. Amma nəzərə alaq ki hər bir uşağın özünə xas psixikası var. Siz bəlkə də etməmisiniz amma bu digər şagirdlərin edə bilməyəcəyi anlamına gəlmir.
Yuxarıda sadaladıqlarım buz dağının sadəcə görünən hissəsidir amma bunların hər birinə ayrı-ayrılıqda məruz qalan bir yeniyetmə düşünün. Heç kimsə tam dəqiq bilməsə də bəlkə də Elina bütün bu sadaladıqlarımı yaşamaq məcburiyyətində olub.

Empatiya quraq. Empatiya bizim özümüzü qarşımızdakı insanın yerinə qoyub “mən yenə də intihar etməzdim” demək deyil. Empatiya özünüzü həmin situasiya daxilində qarşınızdakı insana eyniləşdirib həmin insanın etdiklərini “Dərk etməkdir”.

2. Bəs kimdir müqəssir?
Nəzərdən keçirək:
Ailə - heç kim Elinanın ailəsində nələrin baş verdiyini bilə bilməz. Heç kim. Biz yanlızca təxmin edə bilərik. Amma su götürməz gerçək budur ki, 14 yaşındakı bir yeniyetmə özünü məktəbinin 3-cü mərtəbəsindən ataraq intihar edirsə ilk öncə ailəyə nəzər yetirmək lazımdır.

Məktəb kollektivi – direktor, müəllimlər, “psixoloq”, həkimlər
İnternetdə yayılan videoların bir çoxunu izlədim. Aralarında təbii ki diqqətimi ən çox çəkən direktorun səs yazısı oldu “yazın ki pozğun uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var, bununla maraqlanmır”. İlk öncə, məktəb direktorunun hər hansı bir şagirdə ailə vəziyyətinə görə ayrıseçkilik etməyə haqqı yoxdur. Digər tərəfdən, intihar edən sənin məktəbinin şagirdidirsə bunun səbəbini ailədən çox başında olduğun məktəbin daxilindəki problemlərdə axtarmalısan. Deyənlər var – direktor nə deyib ki? Deyir ailəsi diqqət ayırmır daa. Məsələ bundan ibarətdir ki direktor əgər bu müddətdə şagirdin ailəsindəki problemlərdən xəbərdar idisə niyə bu barədə tədbir görmürdü? Əgər bunlardan xəbərdar idisə öz işinə hörməti olan direktor olaraq ilk öncə bu barədə özü şəxsən şagirdin valideynləri ilə əlaqə yaradıb, Elinanın problemlərindən bəhs edib, bütöv ailəni məktəb psixoloquna yönləndirməli idi. Bununla birlikdə şagirdə bütün dərs deyən müəllimləri və sinifindəki şagirdləri nəzarət altında saxlayıb, “Bullying” olub olmadığını dəqiqləşdirib buna görə hərəkət etməli idi. Bəzi xəbərlərə görə Elina həmçinin özündən yuxarı sinifdə oxuyan bir şagird tərəfindən fiziki zorakılığa məruz qalırmış. Bu halda həmin şagirdin də həm özü həm də valideynləri ilə ciddi iş aparılmalı idi.
P.S. Şagird intihar edib, şagirdin ailəsi ilə direktorun həyat yoldaşı danışır. Hansı məntiqə sığır əsla anlamıram.

“Psixoloq” – bu barədə o qədər şey söyləyə bilərəm ki. Haradan başlayım bilmirəm. İlk öncə bu vətəndaşa psixoloq demək istəmədiyimi bildirim. Bu “vətəndaş” EIina yaralı ikən ona suallar verib videoya çəkir. İlk öncə özünə Psixoloq deyən insan Psixologiya ixtisasının bakalavr pilləsində öyrədilən primitiv bir qaydanı bilməli idi – psixoloq ƏSLA VƏ ƏSLA pasientin şəxsi icasəsi olmadan heç bir aparat ilə onun söylədiklərini qeydə ala bilməz. İkincisi, məktəb psixoloquna dövlət maaş verir ki məktəb daxilində şagirdlərin psixoloji vəziyyəti ilə əlaqədar olsun, nəzarət etsin və lazım olduqda onlara və ailələrinə pulsuz psixoloji yardım etsin. Məktəbdə təhsil alan, zorakılığa məruz qalan, bu qədər psixoloji problemləri olan və hətta intihar düşüncələri olan bir şagird haqqında nə üçün məktəb psixoloqunun xəbəri yoxdur. Görəsən özünə psixoloq deyən bu vətəndaş məktəbdə çalışdığı bu uzun müddətdə bircə dəfə belə olsun şagirdlər ilə maraqlanıbmı? Alıdığı maaşın haqqını veribmi? Hər şeyi bir qırağa qoyaq və sual verək “Sən kimsən ki yaralı olan bir şagirdi həkim çağırmaq yerinə videoya çəkirsən?”
Həkimlər – öncə də dediyim kimi, təsəvvür edin ki keçirdiyi yaş böhranında sırf ailəsinin diqqətini öz özərinə çəkmək üçün intihar etdiyini düşünün Elinanın – və xoşbəxtlikdən hadisə yerində keçinmir. Bəlkə də intihardan sonra həyatına davam etsəydi hər şey qat-qat yaxşı olacaqdı. Lakin Elina  Hadisədən düz 3 gün sonra vəfat edir. Yəni 14 yaşındakı bir qızcığazı qurtarmaq üçün Azərbaycan həkiminə 3 gün bəs etmir. Bu həkimləri də qoyaq bir kənara. Hər bir orta məktəbdə lazım olduqda təcili tibbi yardım üçün iş başında mütləq bir həkim olmalıdır – qaydalara əsasən. İntihardan dərhal sonra ilkin yardımı göstərib xəstəxanaya xəbər verməli olan həkimlər. Bəs o həkimlər harada idi? Yoxsa onlar da dövlətdən maaş alıb heç bir iş görmürdülər. Böyük ehtimalla bəli.

Bu mövzuda çox danışmaq olar. Amma fakt - olan Elinaya oldu. Bizim əlimizdən cəmiyyət olaraq yalnız bunlar gəlir – bu hadisəni də 1 həftə, 10 gün danışıb unutmadan, gələcəkdə baş verə biləcək bu cür hadisələrə qarşı ailələri maarifləndirmək, övladları zorakılığa meyilli olaraq yox, sevgiyə və hörmətə dəyər verən insanlar kimi yetişdirmək və ən əsası özünə pedaqoq, həkim, müəllim, psixoloq deyən yetərsiz insanlardan hərkəsi qorumaq.

Ən böyük işi təhsil nazirliyi görə bilər. İşə götürərkən bütün müəllimləri psixoloji testlərdən keçirmək. Şagirdləri əsl pedaqoqlara həvalə etmək. Məktəb psixoloqlarının və məktəb həkimlərinin işlərinə nəzarət etmək. Sosial psixoloqlarla birlikdə intihar hallarının qarşısını almaq üçün intervention-lar – müdaxilə proqramları yaratmaq. Problemin nəticələrini aradan qaldırmaq yox, onu yaradan səbəbləri kökündən təmizləmək.


Zərifə Əskərzadə